2 illik fasilədən sonra “Yuventus”a qayıdan Maks Alleqri Turində təşkil olunan mətbuat konfransında jurnalistlər önünə çıxıb. Təcrübəli mütəxəssis bir çox məsələyə münasibət bildirərək komandanın vacib futbolçularından söz açıb. O, Kriştianu Ronaldu ilə danışdığını bildirib: “Ronaldu ilə söhbət etmişik. Yeni mövsüm barədə müzakirələr apardıq. Hazırda onun məsuliyyəti daha da artıb. Ümumiyyətlə o vaxtkı komanda ilə hazırkı kollektivi müqayisə etmək düzgün deyil. “Yuventus” xeyli yenilənib. Ciddi islahatlar aparılıb. Gənc oyunçuların sayı kifayət qədərdir. Kriştianu Ronaldu belə şəraitdə üstün keyfiyyətlərini daha qabarıq şəkildə göstərməli, meydanda digər futbolçulara həmişəki kimi nümunə olmalıdır”.

Maks Alleqri “Yuventus”un “10” nömrəsi Paulo Dibalanın da yeni mövsümə tam hazır olduğunu deyib:  “Paulo Dibala özünü əla hiss edir. Həm fiziki, həm də psixoloji cəhətdən tam hazırdır. Onun 1 mövsümə 20-25 qol vurmaq potensialı var. Dibala oyun epizodlarından əlavə standart vəziyyətlərdən əla yararlanmağı bacarır. O, “Yuventus”un vitse-kapitanı ola bilər. Leonardo Bonuççi “Milan”a gedib-qayıtdı deyə Dibalanın bu funksiyanı yerinə yetirməsi daha məqsədəuyğundur. Rəhbərlik etdiyim komandada Paulo kimi futbolçunun çıxış etməsi məni çox sevindirir. İnanıram ki, yeni mövsümdə böyük nailiyyətlər qazanacağıq”.

Vaxtilə 2014-cü ildən, 2019-cu ilə qədər “Yuventus”a rəhbərlik edən Maks Alleqri komandanın “sükanı arxası”nda 5 dəfə İtaliya çempionluğu sevinci yaşayıb. 4 dəfə ölkə kuboku, 2 dəfə superkubokuna yiyələnib. Bundan başqa 2 dəfə UEFA Çempionlar Liqasında gümüş medalın sahibi olub.